“Dövlət rüsumu haqqında” Qanunun əsasən dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Bəs kimlər dövlət rüsumu ödəməkdən azad olunurlar? Qanunun 9-cu maddəsində dövlət rüsumundan azad olunanların siyahısı göstərilmişdir:
- əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
- aliment alınması barədə iddialar üzrə – iddiaçılar;
- əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
- müəlliflik mübahisələri üzrə – müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə – iddiaçılar;
- istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar;
- zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə – sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
- sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə – sosial təminat orqanları;
- itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə – tərəflər;
- inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər;
- təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə – tərəflər;
- məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə – büdcə təşkilatları, bələdiyyələr;
- öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
- iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə – işdə iştirak edən şəxslər;
- qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə – tərəflər;
- məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
- Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;
- İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar.
Mediasiya prosesi ilə bağlı dövlər rüsumu
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə (mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri) uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları təkrarən verildikdə dövlət rüsumu alınır.
Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.
İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Tutaq ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilib. Verilən iddianın təmin edilmiş hissəsinin qiyməti 7000 manatdır. Bu halda dövlət rüsumu cavabdehdən tutulacaq. Qanuna əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manatdır. Əgər 1.000 manatdan yuxarı olarsa, iddia qiymətinin 1 faizi miqadarında müəyyən edilir. Deməli, bu halda cavabdeh 30+7000 manatın bir faizi məbləğində dövlət rüsumu ödəyəcək. Bu isə 100 manat edir.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov