Tibbi sığorta haqqındaAR Qanunun 1-1.3-ci maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların yardım almasını təmin edir.

Bəs kimlər icbari tibbi sığortadan yararlana bilər?

Yuxarıda qeyd etdiyimiz qanunun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:

  • Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;
  • Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər; 
  • Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir.

Yuxarıda görstərilən şəxslərdən başqa digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər. Sığortalı dedikdə nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs, sığortaolunan dedikdə isə sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər başa düşülür.

Bəs icbari tibbi sığortadan əcnəbi və vətəndaşlığı olmayan şəxslər faydalana bilərmi?

Qanunun 15-2.3-cü maddəsinə əsasən icbari tibbi sığorta Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Lakin bir sıra şəxslər üçün istisnalar müəyyən olunub. Aşağıdakı şəxslər vətəndaşlığından asılı olmayaraq icbari tibbi sığortadan istifadə edə bilərlər:

  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular;
  • Həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla);
  •  Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslər (yuxarıda göstərilən sığortalılar).

Deməli, qanunvericiliyə əsasən yalnız yuxarıda göstərilən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin icbari tibbi sığortadan yararlanmaq hüququ vardır.

Bütün vətəndaşlar icbari tibbi sığortadan istifadə edə bilərmi?

Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Bu şəxslər həmin tarixə qədər Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. Lakin 1 yanvar 2024-cü ildən etibarən yalnız icbari tibbi sığorta haqqı ödəyən şəxslər bundan yararlana biləcəklər.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov