Bir çox hallarda bankların kredit borclarına görə vətəndaşların əmək haqqlarından birbaşa tutma həyata keçirdiklərinin şahidi oluruq. Bəs bu tutulmalar qanunidirmi? Banklar hansı həcmdə əmək haqqından tutulma həyata keçirə bilərlər? Bu yazıda bu suallara cavab axtarılacaqdır.

Yuxarıda qeyd etdiyimiz suallarla bağlı məhkəmə təcrübəsi Ali Məhkmənin Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın  mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə  03/2022 nömrəli Qərardadı ilə müəyyən olunub.

Bank borclunun əmək haqqısını tam olaraq tuta bilərmi?

Məhkəmə hesab edib ki, borca görə kreditor tərəfindən borclunun bütün əmək haqqının akseptsiz qaydada silinməsinin mümkün hədlərinə qiymət vermək üçün ilk növbədə hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) ilə təsbit edilmiş konstitusion hüquqlarının mahiyyəti, eyni zamanda mülki qanunvericiliyin prinsipləri əlaqəli şəkildə nəzərdən keçirilməlidir.

Şəxsin əmək hüququ onun konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsində göstərilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

Beləliklə, əhalinin rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin, habelə əmək hüquqlarının təmin edilməsi dövlətin insan hüquq və azadlıqlarının qorunmasına dair əsas məqsədlərinə daxildir və bu hüquqların məhdudlaşdırılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada mümkündür.

Tutulmanın hüquqi tənzimlənməsi necədir?

Əmək Məcəlləsinin 176.1-176.3-cü maddələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan haqqın 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50 faizi saxlanmalıdır.

Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 – 65.3-cü maddələrinin tələblərinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir.

Bəs bu qaydanı pozan müqavilə şərtləri etibarlıdırmı?

Mülki hüquq subyektlər arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul edir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Ona görə də kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir.

Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlib ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov