Son zamanlar aktual olan mövzulardan biri də kredit müqaviləsi bağlanan zaman vətəndaşa zamin duran şəxsin hüquq və vəzifələridir. Çünki məhkəməyə də verilən iddiaların bəziləri zaminlə bağlı olur. Birinci, kredit müqaviləsi ilə bağlı ilkin anlayışları öyrənək.

Kredit müqaviləsi nədir?

Kredit müqaviləsi kommersiya bankı və ssuda alan arasında imzalanan sazişdir. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür.

Tərifdə ssuda ifadəsi işlədilmişdir. Ssuda kapitalı qaytarılmaq, dəyəri ödənilməklə müəyyən müddətə verilən pul vəsaitlərinin məcmusudur. Bu zaman da kredit münasibətləri formalaşır.

Kredit münasibəti dedikdə, kreditor və borcalan arasında kreditin verilməsi, istifadəsi və borcun bağlanması ilə bağlı yaranan münasibətlər başa düşülür.

Bəs zamin kimdir?

Zamin borcalanın borcu ödəyə bilmədiyi təqdirdə onun bu öhdəliyinin ötürüldüyü şəxsdir. Belə vurğulasaq, zamin bir növ borcalanın şəriki kimi çıxış edir. Bir kredit təşkilatı kredit üçün müraciət edən şəxsə lazımi olan vəsaiti ayırmadan öncə şəxsi krediti ödəyə bilmədiyi hallarda öhdəliyin hansı formada ödəniləcəyini nəzərdən keçirir. Belə hallarda risklərin azaldılması üçün əmlakın girov qoyulması, sığortaların tətbiqi və zamin qismində üçüncü şəxsin cəlb olunması kimi təminat növlərindən  istifadə olunur. 

Kredit müqaaviləsi bağlanarkən zaminin hüquq və öhdəlikləri hansılardır?               

Əgər borcalan krediti ödəmirsə, qanunla zamin yerdə qalan məbləği faiz dərəcəsi ilə birgə ödəməlidir. Bundan başqa, əgər borcalan ödəməni dayandırarsa hər gecikmiş günə görə bankın müəyyən etdiyi səviyyədə əlavə cərimə ödənişi də zaminin öhdəliyində hesab olunur. Əlbəttə bu öhdəliklər dərhal zaminin üzərinə keçirilmir. Müqavilə şərtlərinə əsasən qaydalar çərçivəsində müxtəlif tədbirlər görülür, ödəmələrin dayandırılmasının səbəbləri araşdırılır, mümkün çıxış yolları nəzərdən keçirilir. Belə hallarda borcalana müəyyən güzəştlər tətbiq oluna bilər. Bu kimi tədbirlərə baxmayaraq, borcalanın tamamən ödəmə qabiliyyətini itirdiyi təqdirdə isə zaminə müraciət olunur.

Zaminin məsuliyyət formaları bunlardır:

  1. Birgə məsuliyyət
  2. Subsidiar məsuliyyət (əlavə məsuliyyət)

Zamin birgə məsuliyyət daşıyırsa, borcalan ödənişləri dayandırdıqda bank məhkəməyə müraciət etmədən krediti ödəmək tələbini birbaşa zaminə ünvanlaya bilər. Zamin əlavə məsuliyyət daşıdıqda isə kredit təşkilatı tərəfindən öncə məhkəməyə müraciət olunmalı sonra isə məhkəmə qərarı ilə krediti ödəmək tələbi zaminə ünvanlanmalıdır. Digər önəmli məsələ zaminin öz hüquqlarını bilməsidir. İlk başda zamin borcalanın maddi vəziyyətinə görə və ya öz şəxsi səbəblərinə görə kredit üzrə zamin olmaqdan imtina edə bilər. Yəni, bu öhdəlikləri öz üzərinə götürməyə razı olmamaq zaminin hüquqlarına daxildir. Bundan başqa zaminin müqavilə şərtləri ilə tanış olduqda bu şərtlər onu qane etmədiyi təqdirdə müqaviləni imzalamamaq hüququ da var. Bu halda müqavilə şərtlərinə yenidən baxıla və ya ümumən zaminlikdən imtina oluna bilər. Zamin qismində çıxış edən şəxslər adətən borcalana yaxın şəxslər olduğundan bu hüquqlarını istifadə etməkdən bəzən çəkinirlər. Lakin bunu da unutmayaq ki, bu öhdəlik həm də onlara aiddir və kredit şərtlərini seçmək zaminin də haqqıdır. Bundan başqa zamin borcalandan zaminlik xidmətinə görə muzd almaq hüququna da malikdir. Ölkəmizdə bu hüquqdan demək olar ki, çox az istifadə olunur.

Zamin kredit müqaviləsini imzaladıqdan sonra hansı hüquqlara malikdir?

Zamin borcalan krediti ödəmədiyi halda, kreditin ödənilməli hissəsi haqqında tam ətraflı məlumat ala bilər. Bu artıq onun da öhdəliyi olduğundan istənilən məlumatı tələb etmək hüququ var. Öhdəliklər zamin tərəfindən ödəndikdə isə onun ödənilmiş məbləği sonradan borcalandan tələb etmək hüququ da var. Belə ki, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə kreditorun tələbini ödədiyi həcmdə keçir. Başqa sözlə borcalan 2000 manatlıq kreditin 1000 manatını ödədikdən sonra yerdə qalan 1000 manatını ödəyə bilmədikdə zamin bu məbləği ödəyir, sonra isə ödədiyi məbləğ həcmində vəsaiti (yəni, 1000 manat) borcalandan ala bilər. Borcalan artıq banka deyil zaminə 1000 manat borclu olmuş olur. Zaminin borcalanla yaxın münasibətlərini nəzərə aldıqda zaminin bankla müqayisədə borcalanın maddi vəziyyətinin nə zaman yaxşılaşdığına dair daha dəqiq məlumatlar almaq imkanı çox ola bilər. Eyni zamanda, zamin qismində çıxış edən şəxs bu borcun ödənilməsinə dair daha yumşaq tələblər irəli sürə, tolerantlıq göstərə və ya tamamən bu borcu ona bağışlaya da bilər. Bu, zaminin şəxsi qərarıdır. Zamin qismində çıxış edən çox insan sonradan ödədiyi məbləğlərin artıq geri qaytarılmayacağını düşünür və bu məbləği tələb etmək hüquqlarının olmasına dair məlumatsız olurlar. Önəmli məqam odur ki, zaminlər bu hüquqlarını bilsinlər. Sonda hansı yolu üstün tutmaları isə artıq öz könüllü seçimləri olacaq.

Zamin müqaviləni imzaladıqdan sonra öhdəlikdən imtina edə bilərmi?

Əgər borcalan dəyişmişsə və ya zamin yeni borcalan üçün cavabdeh olmaq barəsində kredit verənə razılıq verməmişsə, bu öhdəlikdən imtina etmək hüququ var. Eyni zamanda, zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə müqavilə üzrə məsuliyyətin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda da zamin öhdəlikdən imtina edə bilər.

Zamin olan şəxslərə kiçik tövsiyyə:

Zamin durmadan öncə zaminliyin onların şəxsi maraqlarına nə dərəcədə uyğun olduğunu təhlil edin. Yəni zamin olaraq çıxış etməyə razı olduğunuz şəxslə olan münasibətləri və üzərinizə götürdüyünüz öhdəlik və riskləri tərəzinin müxtəlif gözlərinə qoyaraq müqayisə edin, bundan sonra artıq müvafiq qərarınızı verə bilərsiz. Çünki kredit götürən şəxs riskin müqabilində pul vəsaitləri alır və öz ehtiyaclarına uyğun bu vəsaiti istifadə edir. Zamin isə sadəcə, öhdəliyə şərik olur.

Müəllif: Cazid Əlizadə