İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti qadağandır.

Bəs qanunsuz küçə ticarəti dedikdə nə başa düşülür?

Bu yazıda küçə ticarətinin anlayışı, hansı məhsulların yollarda satışının qadağan edilməsi  və  küçə ticarətinin məsuliyyətindən bəhs edəcəyik.

Yuxarıda qeyd olunan maddəyə əsasən küçə ticarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsidir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyəti orqanları başa düşülür.

Bununla belə, qanun bir sıra məhsulların hər bir halda küçə və yollarda satışını qadağan edir. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.35-ci maddəsinə əsasən aşağıdakı məhsulların səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə satılmasına yol verilmir:

  • Ərzaq malları (dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları və meyvə-tərəvəz məhsulları istisna təşkil edir, yəni küçə ticarətində satılmasına icazə verilir.);
  • Dərman vasitələri;
  • Qiymətli metal və daşlar;
  • Silah-sursat;
  • Audiovizual əsər və fonoqramlar və elektron hesablama maşınları üçün proqramlar.

Qanun həmçinin bəzi yerlərdə səyyar (yollarda) ticarəti qadağan edir. Həmin yerlər sırasına küçə və səkilərin səkilərin hərəkət hissəsi, dövlət müəssisə və təşkilatların binaları, tarixi və mədəniyyət abidələri və son olaraq təhsil müəssisələrinə bitişik ərazilər aiddir.

Son olaraq küçə ticarəti ilə məşğul olmağa görə qanunvericilikdə nəzərdə tutulmuş sanksiyaya baxaq. İXM-ə əsasən küçə ticarəti ilə məşğul olan şəxslər 80 manat məbləğində polis əməkdaşları tərəfindən cərimə edilir.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov