Məhkum olunan şəxsin ailə üzvlərinin maraqlandığı əsas suallardan  biri məhkumların telefon danışıqları ilə bağlıdır. Bu məsələ pandemiya dövründə daha da aktual olmuşdur. Çünki dövlət tərəfindən qoyulan məhdudiyyətlər cəzaçəkmə müəssisələrində öz təsirini göstərmişdi və məhkumlara ailə üzvləri ilə görüşlərə icazə verilmirdi. Buna görə də telefon və videogörüşlə bağlı məsələ daha da aktuallaşdı. Nəzərə alsaq ki, bu hələ də davam edir, o zaman bu məsələ ilə bağlı fikirlərimizi vətəndaşlara çatdırmaq yaxşı olardı. İlk öncə, məhkum ifadəsinin anlayışına nəzər salaq.

Məhkum kimdir?

Məhkum – məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən təqsirli bilinən şəxsdir. Məhkumlar cəzaçəkmə müəssisələrində saxlanılırlar. Cəzaların İcrası Məcəlləsinin 9-cu maddəsinə görə Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur.

Məhkumların telefon danışıqları və videogörüşləri hansı qaydada tənzimlənir?

Məhkumların telefon danışıqları və videogörüşləri onlara təyin edilən cəzanın növünə görə fərqləndirilir. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə 2 dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə 1 dəfə müddəti 15 dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Onu da qeyd etmək lazımdır ki, yaxın qohumlar dedikdə məhkumun babaları, nənələri, valideynləri, övladlığa götürənləri, doğma və ögey qardaşları və bacıları, ər-arvadı, uşaqları, övladlığa götürülənləri, nəvələri nəzərdə tutulur. Yaxın qohumlar istisna olmaqla, telefonla danışıqlara və ya videogörüşlərə icazə verilmir.

Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilir. Məhkumun xahişi ilə onun yeni cəzaçəkmə müəssisəsinə gəlməsi ilə əlaqədar, həmçinin müstəsna hallarda ona cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən əlavə telefon danışığına və ya videogörüşə icazə verilə bilər.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə məhkuma həvəsləndirmə tədbirləri görülür. Bu zaman ona əlavə telefon danışığına və ya videogörüşünə icazə verilir.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.

Bəs məhkuma tənbeh tədbiri təyin olunanda danışıqlar necə həyata keçirilir?

Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına və ya videogörüşlərinə yalnız müstəsna hallarda icazə verilə bilər. Telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

 Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına və videogörüşlərinə nəzarət edilir.

Əgər məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılarsa ona telefon danışıqları, videogörüşlər verilmir.

İntizam təcridxanalarına keçirilmiş məhkumlara telefon danışıqları, videogörüşlər qadağan edilir.

 İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular  telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. Əgər telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilirsə ayda iki dəfə telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. Məhkumun xahişi ilə uzun müddətli və ya qısa müddətli görüş telefon danışığı ilə və ya videogörüşlə əvəz edilə bilər.

Müəllif: Cazid Əlizadə