Hər bir şəxs kimi məhkumların da nikaha daxil olmaq hüququ var. Bu yazımızda məhkumların nikaha daxil olmaq qaydasından bəhs edəcəyik.
Nikah bağlamağı arzu edən şəxslər birlikdə ərizə ilə Qeydiyyat şöbəsinə müraciət etməlidirlər. Əslində, məhkum və onun nikah bağlamağı arzu etdiyi şəxs də birgə ərizə ilə müraciət edirlər, lakin qaydalar bir az fərqlidir.
Məhkumların nikaha daxil olma proseduru
Əvvəla, nikaha daxil olmaq istəyən məhkum bu barədə cəzaçəkmə müəssisəsinin müdiriyyətinə yazılı ərizə ilə müraciət etməlidir. Ərizə forması məhkuma müdiriyyət tərəfindən təqdim edilir. Ərizədə məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra ərizə məhkumun nikaha daxil olmaq istədiyi şəxsə göndərilir. Ərizəni alan şəxs nikaha daxil olmaq istəyərsə, ona aid hissəni doldurur və ərizəni Qeydiyyat şöbəsinə təqdim edir.
Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edir. Nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir. Bu barədə nikah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir. Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir. Bu, Qeydiyyat şöbəsi ilə razılaşdırılır.
Məhkumun şəxsi işində onun ailə vəziyyəti haqqında məlumat olmadıqda, natamam və ya ziddiyyətli olduqda cəza müəssisəsi müvafiq orqanlar və təşkilatlar vasitəsilə həmin məlumatların alınması və ya dəqiqləşdirilməsi üçün tədbirlər görür.
Barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması eyni qaydada həyata keçirilir. Nikahın qeydiyyat tarixi isə cinayət işi icraatında olan orqanla da razılaşdırılır.
Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması yuxarıda göstərilən hallar nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir.
Nikahın bağlanmasına mane olan hallar eyni qaydada məhkumlara da şamil edilir.
Nikahın bağlanmasına mane olan hallar Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir.
Nikaha daxil olmaq istəyən hər bir şəxs kimi məhkumlar da tibbi müayinədən keçməlidirlər.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov