Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar olan mübahisələr məhkəmələr tərəfindən həll edilir. Həmçinin Konstitusiyaya əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mediasiya isə mübahisələri məhkəmədən kənar həll etmək üçün alternativ vasitədir.

Bəs mediasiya nədir və bizim hüquq mübahisələrimizi necə həll edir?

Azərbaycanda “Mediasiya haqqında” Qanun 2019-cu ildə qəbul edilib və 2021-ci ildən artıq qüvvəyə minmişdir. Mediasiya mediator vasitəsi ilə tərəflər arasında yaranmış mübahisənin bilavəsitə tərəflərin qarşılıqlı razılığı ilə həll üsulu prosesidir. Ümumiyyətlə, mediasiyaya əmək, ailə, mülkikommersiya mübahisələri inzibati hüquq mübahisələri ilə əlaqədar müraciət edə bilərsiniz. Qanunvericiliyə əsasən, bu mübahisələrlə bağlı tərəflər məhkəmədən öncə birinci mediatora müraciət etməli və bu prosesdə iştirak etməlidirlər.

Aşağıda sadalanan mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər mütləq qaydada mediasiyanın ilkin sessiyasında iştirak etməlidirlər:

  1. kommersiya 
  2. ailə 
  3. əmək

Bu mübahisələr üzrə mediasiya prosesində iştirak etmədən məhkəməyə müraciət edilsə, məhkəmə işi geri qaytarır.

Mediasiya prosesi necə davam edir?

“Mediasiya haqqında” qanunun 4-cü maddəsinə əsasən mediasiya könüllülük əsasında olur. Tərəflər mediatorlarını seçməkdə azaddırlar. Həmin maddədə prosesin konfidensiallığı və prosesə kənardan müdaxilənin yolverilməzliyi də qeyd olunmuşdur. Prosesə başlamaq üçün tərəflər “mediasiya prosesinin tətbiqi barədə müqavilə” imzalamalıdırlar. Bu müqavilə tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər. Bir tərəf digərinə mediasiyada iştirakla bağlı təklif göndərir. Bu təklifə cavab isə 10 gün müddətində verilməlidir, amma müddət uzadıla da bilər. Əgər müddət uzadılmazsa və ya qarşı tərəf mediasiyada iştiraka rədd cavabı verərsə, bu zaman mediasiya təşkil olunmur və mübahisəyə məhkəmədə baxılır. Lakin tərəflər mediasiyada iştirakla bağlı razılıq ifadəsi verib müqavilə bağlayarlarsa, bu zaman artıq proses başlamış olur. Proses zamanı mediator tərəflərə onların hüquq və vəzifələrini açıqlayır, razılıqla bağlı şərtləri isə tərəflər müəyyən edir. Məhz buna görə də bu proses məhkəmə icraatının daha sadə versiyasına bənzəyir. Tərəflər öz şərtlərini ifadə edir və razılıq olarsa, mübahisənin həlli ilə bağlı müqavilə imzalayırlar və bu müqavilə məhkəmə qərarı ilə eyni təsirə malikdir. Ümumiyyətlə, mediasiya prosesi 60 gündən uzun ola bilməz. Bu prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə prosesin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.

Proses üçün rüsum nə qədərdir?

Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

Proses üçün ödənilən rüsumlar isə bu formada sıralanmışdır:

  • əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;
  • ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə- 50 manat;
  • iddia qiyməti 500 manatadək olduqda- 20 manat;
  • kommersiya məsələləri ilə bağlı iddia qiyməti 500 manatadək olduqda- 50 manat;
  • iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda- 40 manat;
  • iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda- 60 manat;
  • iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda- 100 manat;
  • iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda- 200 manat;
  • iddia qiyməti 50000 manatdan çox olduqda- 400 manat.

Müəllif: Təbriz Əhmədli