Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi qaydası və halları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla müəyyən edilmişdir.
Qanuna əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:
- ailə vəziyyətinə görə;
- sağlamlıq vəziyyətinə görə;
- təhsili davam etdirmək üçün;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);
- deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.
Qanuna əsasən möhlət hüququnu itirmiş çağırışçılar, möhlət hüququ olmayan və çağırışdan azad edilməyən şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Burada növbəti çağırış dedikdə, möhlət hüququnun bitdiyi vaxtdan sonrakı çağırış nəzərdə tutulur. Tutaq ki, çağırışçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmayıb. Sağlamlığı ilə bağlı problem 2022-ci ilin avqust ayında aradan qalxıb. Deməli, şəxs 2022-ci il oktyabr çağırışında hərbi xidmətə çağırılmalıdır.
Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
- başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud ana;
- 3 və daha çox uşaq;
- I dərəcə əlilliyi olan arvad;
- 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
- 18 yaşınadək və yaxud I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.
Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Qeyd: Qanunda nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.
Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara
- peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
- əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), – doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə;
- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd: Yuxarıda qeyd edilmiş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Müəllif: Zakir Bayramov