Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi müddətli və ya müddətsiz bağlanıla bilər.
Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən deyə bilərik ki, müddətli əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir.
Bəzi hallarda iş yerlərində müdiriyyət dəyişdikdə, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilərə müqavilənin ləğv edilməsini və müddətli əmək müqaviləsi ilə əvəz edilməsini təklif edirlər.
Bu, hüquqidirmi?
Bu hüquqi cəhətdən mümkün deyil. Belə ki, işçilərə təklif olunur ki, işdən azad edilmə barədə ərizə yazsınlar və onlarla yenidən əmək müqaviləsi bağlasın.
Siz, əlbəttə, öz istəyinizlə işdən azad edilmə barədə ərizə yazıb işdən çıxa bilərsiniz. Bunu sizdən iş yerinizdə tələb edirlərsə, bu artıq hüquq pozuntusudur.
Rəhbərlik işçiyə müxtəlif vədlər verə bilər. Məsələn, sizə “Bu sadəcə bir prosedurdur”, “Sizi işdən çıxarmaq kimi bir məqsədimiz yoxdur” və s. deyə bilərlər. Əmək münasibətləri əmək qanunvericiliyi və əmək müqaviləsi tənzimləndiyindən verilən vədlərin heç bir hüquqi əhəmiyyəti yoxdur.
İşəgötürən müddətsiz əmək müqaviləsini ona görə müddətli əmək müqaviləsi ilə əvəz etməyi təklif edə bilər ki, sizin müqavilənizin müddəti bitdikdə, sizinlə müqavilənin müddətini uzatmasın. Belə olduqda siz işinizi itirəcəksiniz və bir sıra hüquqlardan məhrum olacaqsınız.
Bildiyiniz kimi, bəzən müəssisələr kiçilməyə gedirlər. Belə olan halda da işçilərin sayı və ya ştatları ixtisar edilir. Bu halda işdən çıxarılan işçilərə kompensasiya verilir. Lakin müqavilənin müddəti bitdikdə işəgötürən müqavilənin müddətini uzatmaya bilər və işəgötürənin müqavilənin müddətini uzatmaq öhdəliyi yoxdur.
Əgər sizə belə bir təklif gəlsə və siz qəbul etməkdən imtina etdikdə, hər hansı bir təzyiqlə üzləşsəniz, əmək müfəttişliyinə şikayət edin.
Adətən, işçilərin ən çox ehtiyat etdiyi nüans Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsidir. Belə ki, həmin bəndə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
Bu əsasla işdən azad edilən işçilərin gələcəkdə də iş tapmağı problem olduğundan bəzən işəgötürənin bir çox hüquqazidd tələblərinə razı olurlar.
Sizə belə təhdid gəldiyi andan əmək müfəttişliyinə şikayət edin. Bu əsasla işdən azad edilsəniz, bunu məhkəmə qaydasında mübahisələndirə bilərsiniz.
Mövzu ilə bağlı əlavə suallarınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov