Bir çox Avropa ölkələrində ictimai nəqliyyatda daimi bilet yoxlanışı edilmədiyindən biletsiz getməyə görə cərimələr də yüksəkdir. Bəs Azərbaycanda nəqliyyatda ödəniş etmədən getməyə görə hansı məsuliyyəti daşıyacağınızı bilirsinizmi? Bu məqalədə nəqliyyatda biletsiz getmə əməlinin yaratdığı məsuliyyətdən və tətbiq olunan inzibati tənbehlərdən danışılacaqdır.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 319.1-ci maddəsinə əsasən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat məbləğində cərimə edilir.

319.2-ci maddəyə görə isə şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə cərimənin məbləği 15 manatdır.

İXM həmçinin digər nəqliyyat vasitələri üçün də xüsusi cərimələr müəyyən edib. Bunlar aşağıdakı kimidir:

  • Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getmək – 25 manat
  • Dəmir yolu nəqliyyatında sərnişin biletsiz getmək – 30 manat
  • Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə- 35 manat
  • Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə- 40 manat

Qanun həmçinin nəqliyyat vasitəsində biletsiz sərnişin aparmağa görə də məsuliyyət müəyyən edir. Belə ki, İXM-in 320.1-ci maddəsinə əsasən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə 20 manat məbləğində cərimə edilir.

Bəs sizcə, sürücü bu əməli qəsdən etmədiyi halda da cərimələnməlidirmi?

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov