Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən həmin məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, habelə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikahın etibarsızlığı məhkəmə qaydasında müəyyən olunur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

Göründüyü kimi, qanun etibarsız nikahı saxta nikah adlandırmış və dolayı yolla onun heç bir hüquqi nəticə yaratmadığını vurğulamışdır.

Bəs nikahın etibarsız sayılması üçün hansı şərtlər olmalıdır?

  • Nikah 18 yaşına çatmayan şəxslər arasında baş tutduqda;

Nərəzə almaq lazımdır ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

  • Nikaha daxil olan şəxslərin yazılı razılığı olmadıqda;
  • Nikaha daxil olan şəxslər tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etmədikdə;
  • Nikah aşağıdakı şəxslər arasında bağlandıqda:
  1. Yaxın qohumlar, yəni valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar;
  2. Övladlığa götürənlər və övladlığa götürülənlər;
  3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
  4. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Nikahın etibarsız sayılması üçün aşağıdakı şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər:

  • Yaşla əlaqdədar etibarsızlıq halında yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya yerli icra hakimiyyəti orqanı (əgər nikaha girməyə yaşı çatmayan şəxs artıq 18 yaşına çatmışdırsa, yalnız özü etibatsızlıqla bağlı müraciət edə bilər);
  • Nikah tərəflərdən birinin könüllü razılıq olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadığı hallarda nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
  • Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
  • Pozulmamış nikah olduqda həmin nikah üzrə ər (arvad);
  • Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov