Nikah pozularkən valideynlər arasında razılıq yoxdursa və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, uşaqların hansı valideynin qalması məsələsini məhkəmə müəyyən etməlidir.
Nikah məhkəmə qaydasında pozularkən uşağın hansı valideynin yanında qalması məsələsi həll olunarkən hansı orqanlar cəlb edilir?
Məhkəmə uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir.
Zərurət olduqda, müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər.
Qeyd: Ekspertin rəyi məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə digər hallar və sübutlarla birgə dəyərləndirilir.
Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır:
- uşağın yaşı;
- onun fikri;
- uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı;
- valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri;
- valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər;
- uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla);
- ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
Hansı hallar nəzərə alınmalıdır?
Uşaqların hansı valideynin qalması məsələsində valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Yəni, valideynin birininin maddi şəraiti yaxşıdırsa, bu, o demək deyil ki, bu uşağın ona verilməsi üçün əsasdır.
Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Belə ki, uşağın mənafeyi ilə bağlı mübahisələrdə dinlənilmək hüququ var.
Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir.
Uşağın mənafeyinə zidd olan hallardan başqa, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən, həmçinin, 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Yəni, bu halda da məhkəmə yenə işin bütün hallarını nəzərdən keçirməli və uşağın mənafeyinə ən uyğun nəticəyə gəlməlidir.
Ali Məhkəmə Plemununun qərarında belə bir tövsiyə də var:
“nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.”
Müəllif: Zakir Bayramov