Ödənişsiz məzuniyyət nə deməkdir?

Ödənişsiz məzuniyyət nə deməkdir? Hansı hallarda və qaydada verilir?

Əmək Məcəlləsinə əsasən, işçinin aşağıda göstərilən hallarda ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır:

  1. Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək;
  2. təhsil almaq;
  3. yaradıcı elmi işlə məşğul olmaq;
  4. habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda.

Əmək Məcəlləsinə əsasən, yuxarıda sadalanan hallarda ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Əmək məcəlləsinə əsasən, işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri bir iş ilində aşağıdakı kimidir:

  1. həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;
  2. arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
  3. 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;
  4. orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə — bir təqvim ayınadək; 
  5. müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;
  6. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;
  7. insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə — 14 təqvim gününədək; 
  8. doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək;
  9. ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;
  10. ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək;
  11. ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
  12. 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə – 14 təqvim gününədək; 
  13. ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə –7 təqvim gününədək.

Onu da qeyd edək ki, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

Əlavə olaraq, bu linkdən bu mövzuda hazırladığımız videoya yaxud bu mövzuda digər məqaləmizə baxa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir