Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Ölənin borcu da ölürmü? Ölmüş şəxsin borclarını kim ödəməlidir?

Ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir. Mülki Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər.

Bəzi hallarda vəfat edənin haqqında cinayət təqibi olur. Bəs həmin şəxsin borclarını kim ödəməlidir?

Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub – olmaması barədə bildiriş göndərir.

Əgər borcalan vəfat edərsə, onun borcunu kim ödəməlidir?

Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etməmiş şəxs həmin borcları ödəməyə borclu deyildir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edə bilməz və onlar tələbkar qismində çıxış etməsi qanunsuzdur.

Misal: Aişə xala qonşudan öyrənir ki, o ərinin banka olan borcunu ödəməyə məcbur deyil.

“Əmlakı yoxdursa, borc ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz”.

Bəli, Aişə xalaya ərindən heç bir əmlak qalmamışdır, yaşadığı ev də öz adına qeydiyyatdadır.

Borcun ödənilmə qaydası

 Vəfat etmişin borcu Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir:

Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla.

Hər kəs özünə cavabdehdir. Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır!

Bəs şəxsin əmlakı olmazsa, bu necə həll olur?

Vəfat edənin əmlakı yoxdursa, kreditor (bank və s.) tələb hüququndan məhrum olur, qısaca zərərə düşür.

Müəllif: Nərminə Kazımova