Övladlığa götürmə zamanı məhkəmə aidiyyəti məsələsində uşağın yaşadığı yer əsas götürülür.
“Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı var. Bu Qərara əsasən övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir.
Yaşayış yerindən istifadə etmək hüququnu təsdiq edən sənəd uşağı övladlığa götürmək arzusunda olan şəxsin sadəcə hər hansı dövlət və ya ictimai mənzil fonduna məxsus mənzildə qeydiyyatda olması barədə məlumatı deyil, həmçinin mənzilin icarədarının kim olması, ərizəçinin mənzilə münasibətdə statusu, mənzilin sahəsi, orada qeydiyyatda olan və faktiki yaşayanlar barədə məlumatları da əhatə etməlidir.
Qeyd olunan vətəndaşların həyat şəraiti və övladlığa götürmək imkanları barədə xarici dövlətin orqanının rəyi araşdırılarkən həmin orqanın rəy vermək səlahiyyətinin olub-olmamasının yoxlanılması da zəruridir.
Mülki Prosessual Məcəllənin 347-ci maddəsinə əsasən övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
- uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə — övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə — digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;
- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi.
Müəllif: Zakir Bayramov