Mülki Məcəllənin (MM) 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.

Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.

MM-in 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patron MM-in 38-ci maddəsində nəzərdə tutulan qəyyumluğa və himayəçiliyə xitam verilməsi əsasları ilə də öz vəzifələrini yerinə yetirməkdən azad edilə bilər.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov