Qanunvericilik qadınların fiziki güclərini, onların hamiləlik və uşaq dünyaya gətirmə kimi bioloji və sosial xüsusiyyətlərini nəzərə almaqla işləyən qadınlara bir sıra güzəştlər müəyyən edir.

Bu səbəbdən Əmək Məcəlləsinin 16-cı maddəsi də bir daha qeyd edir:

Qadınlara qarşı münasibətdə güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Çünki bu imtiyazlar obyektiv səbəblərdən yaranır.

İndi isə gəlin həmin güzəştlərə nələrin daxil edildiyinə nəzər yetirək:

  1. Bildiyimiz kimi, işə qəbul zamanı işçinin əmək fəaliyyətinin yoxlanması üçün işə götürən tərəfindən sınaq müddəti təyin edilə bilər. Lakin bu qayda hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara şamil edilmir.
  2. Hamilə qadınlar və uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq peşədə çalışan qadınlar attestasiya olunmayan, sertifikasiya keçirilməyən işçilər sırasına daxildir.
  3. Əmək müqaviləsinin ləğvi ilə bağlı da hamilə və 3 yaşınadək uşağı olan qadınlara güzəşt nəzərdə tutulur: müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslarla ləğv edilə bilməz.

Qadınlar hamilə olduqda və ya azyaşlı uşağı olduqda həm qadının, həm də övladının sağlamlığını qorumaq üçün qanunverici həm də iş şəraiti ilə bağlı bəzi qadağalar da müəyyən edir:

  1. Qısaldılmış iş vaxtının müddəti hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
  2. Gecə vaxtı görülən işlərə hamilə və 3 yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

Məzuniyyətlərlə bağlı ilə də qanunvericilik ananın və uşağın mənafeyini nəzərə alaraq uşaqlı qadınların əlavə məzuniyyətlərini müəyyən edir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq:

  1. 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü;
  2. bu yaşda 3 və daha çox uşağı olan;
  3. həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü

müddətində əlavə məzuniyyət verilir.

Hamiləliyə və doğuşa görə məzuniyyətlər verilir və bu məzuniyyət hüquqları qanunla qorunur.

Qadınlar hamilə olduqda və azyaşlı uşağı olduqda əmək hüquqlarının pozulması yalnız qadının deyil, həm də uşağın mənafeyinə toxunur. Bu səbəbdən Əmək Məcəlləsinin xüsusi bir bölməsi həm də ayrıca qadınların əmək hüquqlarının tənzimlənməsi və müdafiəsi üçün ayrılmışdır.

Bundan əlavə, uşağın yedizdirilməsi üçün fasilələr, hamilə və azyaşlı uşağı olan qadınların daha yüngül işə keçirilməsi qaydaları və s. işləyən qadınlara təklif edilən güzəştlərdən bir neçəsidir.

Siz də bir qadın olaraq yuxarıda göstərilən və ya əlavə olan əmək hüquqlarınızın pozulduğunun şahidi olursunuzsa, dərhal hərəkətə keçin və hüquqlarınızın müdafiəsinə başalayın. Dövlətin müəyyən etdiyi güzəştlərdən istifadə etməyə heç kim və heç bir qurum sizi çəkindirə bilməz!

Müəllif: Fidan Namazova