Qarşılıqlı iddianın verilməsi qaydası Mülki Prosessual Məcəllə ilə tənzimlənilir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır.
Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.
Məcəlləyə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qarşılıqlı iddianı da bu müddətdə verməlidir.
Burada nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işdə iştirak edən şəxslərə qarşılıqlı iddianın ərizəsini rəsmi qaydada verməlidir
Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Əsas iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112-ci maddəsində göstərilmişdir.
Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
Qarşılıqlı iddianın verilməsi şərtləri Məcəllədə göstərilmişdir. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:
- qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
- qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
- qarşılıqlı və ilk iddianın arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (Qeyd: yuxarıda göstərilən müddətin keçməsindən sonra bu şərtlə qarşılıqlı iddianın verilməsinə yol verilmir).
Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddianı verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
Mülki Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddianı verən cavabdehdən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov