“Qonşun pisdir, köç qutar” deyimini, yəqin ki, eşitmisiniz. Əgər qonşunuzla problemlər yaşayırsınızsa, məsələn, qonşunun həyətindən ağır qoxular və ya səs-küy gəlirsə, köçmədən də bu məsələni həll edə bilərsiniz. Hətta buna görə kompensasiya da tələb edə bilərsiniz. Bu məqalədə qonşuluq hüququndan və qonşu təsirinə dözmək vəzifəsindən bəhs olunacaq. Əgər qonşunuzdan narazısınızsa, bu məqalə sizə kömək edə bilər.
Mülki Məcəllənin (MM) 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
Qonşuya gedən suyun qarşısını almaq olarmı?
MM-in 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmçinin bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Bəs qonşu təsirinə dözmək vəzifəsi nədir?
MM-in 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
Göründüyü kimi, bu təsir əhəmiyyətli olmamalı və qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozmalıdır. Lakin bir hal var ki, qonşunun təsiri əhəmiyyətli olsa belə, bunu qanuni hesab olunur. Bu o halda olur ki, qonşunun təsiri əhəmiyyətlidir, lakin bu təsir digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törənir və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinmir. Belə hallarda da qonşu təsiri qadağan edilə bilməz.
Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov