Sahibsiz və ya itirilmiş əşya başqa bir şəxs tərəfindən tapıldıqda bu “tapıntı” hesab olunur. Qanunvericilikdə belə əmlakın aqibətinin necə olacağı Mülki Məcəllə ilə tənzimlənmişdir.

Mülki Məcəllənin 186.1-ci maddəsinə əsasən itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir

Əşyanı tapan şəxs mülkiyyətçinin kim olduğunu öyrəndiyi və ya bu barədə məlumatın artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya aid bütün başqa hüquqlara xitam verilir.

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. 

Əşyanı tapan şəxs mülkiyyətdən imtina etdiyi halda səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə və ya məhv edə bilər.

Lakin nəzərə alınmalıdır ki, əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov