Cinayət Məcəlləsinin (CM) 298-ci maddəsinə əsasən Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi qadağandır və buna görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 360 saatadək ictimai işlər və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Lakin şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür.

Göründüyü kimi yaxın qohumlar bir-birinə qarşı ifadə verməkdən imtina edə bilərlər. Lakin digər şəxslər barəsində ifadə verməkdən imtinaya yol verilmir.

Bəs yalan ifadə vermək məsuliyyət yaradırmı?

CM-in 297-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə cinayət hesab olunur.

Əgər bu şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirsələr, cinayət məsuliyyətindən azad olunurlar. Həmçinin şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Qanunvericilikdə yalan ifadə verməyə məcbur etmə və ya pulla ələ almaq da sanksiyalaşdırılmışdır, yəni cinayət əməli hesab olunur. Belə ki, CM-in 299.1-ci maddəsinə əsasən şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər yuxarıda göstərilən əməllər inzibati xətalara dair işlərdə edilərsə, bu halda həmin şəxslərin inzibati məsuliyyəti yaranacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov