Tez-tez rast gəlinən hallardan biri də işçilərin seksual qısnamaya məruz qalmasıdır. Bəs seksual qısnama nədir?

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunla seksual qısnamaya aşağıdakı kimi tərif verilmişdir:

Seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır.

Seksual qısnama həm də cinsi mənsubiyyətə görə ayrı-seçkilik hesab edilir.

Qanunun 4-cü maddəsinə əsasən seksual qısnama qadağandır. Əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. 

İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əsasən seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər.

İşçi seksual qısnamaya məruz qaldıqda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Seksual qısnamaya məruz qalmış işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.

İşəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir.

Qanunla müəyyən edilmiş vəzifələrindən biri də cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdir.

Qanunun 12-ci maddəsinə əsasən seksual qısnamaya məruz qalmış işçi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına əsasən ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilməlidir.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov