Tez-tez rast gəldiyimiz hallardan biri də işəgötürənin işçiyə sınaq müddəti müəyyən edildiyini və sınaq müddəti bitdikdən sonra əmək müqaviləsi bağlayacağını deyir. Həmin müddətdə işçiyə ya az əmək haqqı təklif edilir ki, sınaq müddətində özünü doğrultsa əmək haqqının artırılacağı deyilir. Ya da ödənişsiz iş təklif edilir. Əslində bu, əmək hüquqlarının pozuntusudur.

Bəs sınaq müddəti necə müəyyən edilir, hansı hallarda müəyyən edilmir?

Əmək məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Maddədən də göründüyü kimi, sınağın müddəti əmək müqaviləsi ilə müəyyən edilir. Ümumiyyətlə, əmək müqaviləsi olmadan işçi əmək münasibətlərinə cəlb edilə bilməz. Sınaq müddəti 3 aydan artıq müəyyən edilə bilməz.

Səhv: Röyaya iş təklif edilir və deyilir ki, gəl 3 ay bizimlə işlə sonra səninlə əmək müqaviləsi barədə fikirləşərik. Belə hallarla qarşılaşsanız, Əmək müfəttişliyinə müraciət edə bilərsiniz.

Doğru: Röya işə qəbul edilirsə, onunla əmək müqaviləsi bağlanılmalı və bundan sonra işə başlaya bilər. Əmək müqaviləsində də 2 aylıq sınağın müddəti təyin edilir.

Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

Sınaq müddətinin göstərilməyə əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əmək Məcəlləsinə əsasən aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:

  • yaşı 18-dən az olan şəxslərlə;
  • müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
  • hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; 
  • təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; 
  • ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; 
  • iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
  • tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Sınağın müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Müəllif: Zakir Bayramov