Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət növlərindən biri də sosial məzuniyyətlər adlanır.

Hansı sosial məzuniyyətlər var?

  • hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət;
  • uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti;
  • uşağa bilavasitə qulluq edən valideynin, yaxud ailənin başqa üzvünün məzuniyyəti.

Bu məzuniyyətlər ödənişlidir.

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət

Hamiləlik dövründədoğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Bu halda, deməli, işçiyə cəmi 140 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

  • normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
  • doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
  • iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Qeyd: Sözügedən məzuniyyət üçün yaşadığınız yerin poliklinikasından arayış alaraq, işlədiyiniz müəssisədə ərizə yazmalısınız.

Uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti

Uşaqları övladlığa götürmüş qadınların da məzuniyyət hüquqları da Əmək Məcəlləsi ilə tənzimlənir.

Uşağa bilavasitə qulluq edən valideynin, yaxud ailənin başqa üzvünün məzuniyyəti

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Həmin işçilər həmçinin Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş digər qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüquqlarına malikdir. Belə ki, Məcəllənin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq,

  • 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü,
  • bu yaşda üç və daha çox uşağı olan, 
  • həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin yuxarıda nəzərdə tutulan əlavə məzuniyyət hüquqları vardır.

117-ci maddədə nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Qismən ödənişli sosial məzuniyyət

Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları Əmək Məcəlləsinin 127-ci maddəsində göstərilmişdir.

Belə ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Prezidentin sərəncamına əsasən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilmişdir. Bu məbləğlər gəlir vergisinə cəlb olunmur.

Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Müəllif: Zakir Bayramov