Ünvanlı dövlət sosial yardımla (ÜDSY) bağlı Qaydaların 3.7.6-cı maddəsinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olduqda ailəyə sosial yardım təyin edilmir.
Bunu daha yaxşı başa düşmək üçün aşağıdakı nümunəyə nəzər yetirək.
4 nəfərlik ailə orta aylıq gəlirlərinə görə aztəminatlı ailə hesab olunur. Bu ailənin orta aylıq kommunal xərclərinin cəmi 150 manat təşkil edir. Ailədə 4 nəfər olduğundan adambaşına düşən xərc isə 37.5 manatdır. Lakin 2023-cü il üzrə yaşayış minimumu 246 manat, bunun 15%-i isə 36.9 manatdır. Göründüyü kimi, ailədə adam başına düşən kommunal və rabitə xərcləri artıq olduğundan onlara sosial yardım təyin olunmayacaqdır.
Kommunal xərclərlə bağlı yaranan bir digər problemə isə aşağıdakı nümunədə nəzərdən keçirəcəyik.
Əli və arvadı, kirayədə, çoxotaqlı mənzilin bir otağında qalır. Mənzilin digər otaqlarında cəmi 15 nəfər olan digər 2 ailə yaşayır. Əlinin ailəsinə yardım verməkdən imtina edilir və qeyd edilir ki, adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinədən yuxarı olub (ailə 2 nəfərdən ibarət olduğuna görə bölgü zamanı ümumi məbləğ 2-ə bölünüb). Mövcud məhkəmə təcrübəsinə görə bu imtina qanunsuz hesab edilir. Bu halda, kommunal və rabitə xərclərinin cəmini 2-ə yox, 15-ə bölmək lazımdır, çünki mənzildəki işıq, qaz, su və rabitə üzrə ödənişlər 15 nəfərin sərfiyyatını göstərir. Yəni bu evə gələn kommunal (rabitə) ödənişləri 2 nəfərin (Əli və arvadının) sərfiyyatı deyil. Bölgü belə aparılanda müəyyən olunur ki, Əliyə yardım verilməlidir, çünki bu zaman yaşayış minimumunun 15 faizlik həddi aşılmayıb. Bu yanaşma Ali Məhkəmənin 2-1(102)-1372/2021 nömrəli qərarında da öz əksini tapmışdır.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov