“Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununa əsasən ünvanlı dövlət sosial yardımı (ÜDSY) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bu yardıma müraciət elektron qaydada VEMTAS sistemi üzərindən həyata keçirilir.

ÜDSY-ə müraciət etmək istəyən vətəndaş ilk növbədə ailə tərkibi haqqında arayış və təmsilçilik haqqında ərizə almalıdır. Bundan sonra müraciətçi adıçəkilən elektron sistem vasitəsilə yardıma müraciət edə bilər. Əgər vətəndaşın gəlirləri və sosial durumu müvafiq tələblərə cavab verərsə, onun mənzilində maddi-məişət şəraitinin müayinəsi aparılır. Bu yoxlamanın əsas məqsədi verilən məlumatların doğruluğunu yoxlamaqdır.

Müraciət proseduruna başlamazdan əvvəl vətəndaş verəcəyi hər hansı yalan məlumatın hansı nəticələrə səbəb olacağını bilməlidir.

Gəlin, sosial yardıma müraciətdə düzgün olmayan məlumatların verilməsinin nə ilə nətiəcələnəcəyinə baxaq.

Qanuna əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Yəni, sosial yardıma müraciət edən vətəndaş hər hansı düzgün olmayan və ya natamam məlumat verirsə və ya sosial yardım alması üçün əhəmiyyətli hesab olunacaq (məsələn, ailə tərkibi və ya gəlirlər) halların dəyişməsi ilə bağlı məlumat verməzsə, həmin ailə 1 (bir) il müddətinə sosial yardım ala bilmir.

Bu qərardan narazı olan və onu əsaslı hesab etməyən vətəndaş həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də müvafiq inzibati məhkəməyə müraciət edə bilər.

Həmçinin nəzərə alınmalıdır ki, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatınverilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov