Təhsil məzuniyyəti ödənişli məzuniyyət növlərindən biridir və işləməklə yanaşı təhsil alan işçilərə verilir.

Ödənişli təhsil məzuniyyəti işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı hallarda verilir:

  • müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
  • dövlət imtahanlarını vermək üçün;
  • diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Təhsil məzuniyyətlərinin müddətləri:

  • Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
  • Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
  • Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
  • Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.
  • Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə istifadə oluna bilər. Həmin məzuniyyətlərdən istifadə oluna bilməsi üçün təhsil müəssisəsinin verdiyi arayış tələb olunur.

Ödənişli təhsil məzuniyyətindən istifadə etmək üçün işçi ərizə ilə müraciət etməli, eyni zamanda təhsil alacağına dair təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Məzuniyyət müddətində işçiyə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

Əmək Məcəlləsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Nümunə:

Tutaq ki, işçinin oktyabr 2022-cu ildə əmək haqqı 350, noyabr 2022-cu ilə isə 500 manat olub. İşçi isə elə həmin ayın dekabr ayında təhzil məzuniyyəti götürür. Deməli, məzuniyyəti hesablamaq üçün məzuniyyətdən qabaqkı 2 ayın əməkhaqqıları cəmlənir, həmin aylardakı iş günlərinin sayına bölünür, 30 təqvim məzuniyyət günündə olan iş günlərinin sayına vurulur.

(Oktyabr ayının əmək haqqı + noyabr ayının əmək haqqı) : (Oktyabr ayındakı iş günləri + noyabr ayındakı iş günləri) x 30 təqvim günündəki məzuniyyət günlərindəki iş günlərinin sayı

Məsələn, oktyabrda 22 iş günü, noyabrda 20 iş günü, 30 günlük məzuniyyət günündə isə 19 iş günü var.

(350 manat + 500 manat ) : (22 + 20) x 19 = 850 : 49 x 19  = 330

Deməli, işçi dövlət imtahanlarının verilməsi ilə əlaqədar ödənişli təhsil məzuniyyətində olduğu müddətdə 330 manat məzuniyyət haqqı alacaq.

Müəllif: Zakir Bayramov