Son illər ərzində müxtəlif sosial şəbəkələrdə, xəbər portallarında yanlış göstərilən tibb xidmət nəticəsində şəxsin sağlamlığına ciddi  zərər vurulması, habelə vəfat etməsi xəbərlərinə tez-tez rast gəlirik. Bu zaman tibb işçisini hansı məsuliyyət gözləyir, vətəndaşa vurulan maddi və mənəvi zərər necə ödənilir suallarına aydınlıq gətirək.

Qanunvericilikdə bu məsələ ilə bağlı hansı müddəalar mövcuddur?

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi sağlamlığın qorunması hüququndan bəhs edir. Maddənin 1-ci hissəsində hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnun olduğu göstərilir.

Mülki Məcəllənin 1112-ci maddəsində göstərilir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddənin şərhini versək, yəni, hər hansı bir tibb müəssisəsi orada çalışan işçi heyətin əməllərinə görə məsuliyyət daşıyır. Müəssisədə çalışan tibb işçisi tibbi xidməti göstərən zaman yanlışlığa yol verirsə və xəstə bundan zərər görürsə, bu zaman məsuliyyəti həmin müəssisə daşıyacaq. Əgər tibb işçisi zərəri onun təqsiri üzündən baş vermədiyi sübuta yetirərsə, o zaman məsuliyyət daşımayacaq.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən,  hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Qanunun 57-ci maddəsinə əsasən isə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

Qanunun 59-cu maddəsində  tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi  yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşımaları göstərilir.

Əgər şəxsin sağlamlığına zərər yetirilibsə necə və hara şikayət etməlidir?

Bu hal baş veribsə, vətəndaş ilk növbədə  tibb müəssisəsinə,  sonra müəssisəsinin tabe olduğu orqana və ən sonda məhkəməyə müraciət edə bilər. İlkin olaraq şikayəti tibb müəssisəsi və tabe olduğu orqan cavablamalı və lazımi tədbirlər görməlidir. Əgər, bu nəticəsiz qalarsa, vətəndaş  “tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Bundan sonra işin faktiki hallarına baxılaraq, növbəti prosedurlar görüləcək. Əgər vətəndaşın həyat və sağlamlığına zərər vuran həkimin əməlində cinayət tərkibi varsa, ona qarşı cinayət işi açılır. Əməldə cinayət tərkibi yoxdursa məsələ mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll oluna bilər.

Şəxs vəfat etdikdə isə…

Şəxsə tibb xidmətlərinin göstərilməsi zamanı vəfat edərsə, o zaman hüquq-mühafizə orqanlarına, yəni polisə müraciət olunmalıdır.

Bəs vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı bir iddia müddəti varmı?

Qeyd edək ki, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərə iddia müddəti şamil olunmur. Yəni vətəndaş ona tibbi xidmətlərin göstərilməsi zamanı sağlamlığına vurulmuş zərərlə bağlı müddətdən asılı olmayaraq istənilən vaxt iddia qaldıra bilər. 

Həkim məsuliyyətsizliyi qanunvericiliklə necə tənzimlənir?

Qanunvericilikdə həmin tibb işçiləri üçün məsuliyyət nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin 1-ci bəndinə əsasən,  qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma — 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma— 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həkimlər çətin və məsuliyyətli yolda daha ehtiyatlı olmalı və xəstələrə daha şəfqətlə yardım etməlidirlər. 

Müəllif: Cazid Əlizadə