Hər kəsin normal yaşaya bilməsi, gündəlik ehtiyaclarını və təlabatlarını ödəyə bilməsi üçün mütəmadi olaraq əldə edə biləcəyi gəlirə ehtiyacı var. Sosial bərabərsizliyin mövcudluğu özünü əhalinin gəlir səviyyəsinin müxtəlifliyində göstərir. Təəssüf ki, əhalinin bir qismi normal miqdarda gəlir əldə etsə də, digər qisminin cibinə nəinki yaşayış minimumundan çox, hətta yaşayış minimumu olaraq müəyyənləşən məbləğdən də daha az gəlir daxil olur. Məhz bu səbəbdən də, qanunvericilik ünvanlı dövlət sosial yardımı (ÜDSY) mexanizmindən istifadə edir.

Bəs ünvanlı dövlət sosial yardımı nədir?

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) orta aylıq gəliri ehtiyac meyarının miqdarından aşağı olan aztəminatlı ailələrə pul şəklində ödənilən vəsaitdir. Ehtiyac meyarı dedikdə, yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının qanunla təyin olunan və təsdiq edilən həddi nəzərdə tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddini 200 manat təşkil edir. Sosial yardımın məbləği isə ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn:

5 nəfərlik bir ailənin orta aylıq gəliri 500 manat məbləğindədir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyinə görə, həmin ailənin ehtiyac meyarının məcmusunu 200*5=1000 manat təşkil edir. Bu halda ailəyə ödəniləcək dövlət sosial yardımının miqdarı 1000-500=500 manat olaraq müəyyən edilir.

ÜDSY kimlərə şamil edilir?

ÜDSY almaq hüququ orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə şamil edilir. Həmin səbəblərə daxildir:

  • ailə üzvlərinin əmək qabiliyyətsiz olması
  • ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
  • 23 yaşınadək əyani təhsil alması
  • Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması
  • vəfat etməsi
  • məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
  • azadlıqdan məhrum edilməsi
  • ailə üzvünün olduğu yerin məlum olmaması

Beləliklə, ailənin orta aylıq gəliri göstərilən səbəblərdən hər hansı birinin mövcudluğu ucbatından ehtiyac meyarının məcmusundan aşağı olursa, bu halda həmin aztəminatlı ailənin ÜDSY almaq hüququ yaranır.

Müəllif: Albina Fərhadova