Ailə Məcəlləsinin müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasından narazılıq olarsa, uşağa adın verilməsi hansı qaydada tənzimlənməlidir? “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həmin qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

Uşağa ad və soyadın verilməsi üçün hara müraciət etmək lazımdır?

Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Vətəndaş övladına ad, soyad və ata adının verilməsi üçün ASAN xidmət mərkəzlərinə və ya Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyatı (VVAQ) İdarələrinə müraciət etməlidir.

Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir.

Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.

Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.

Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qeyd edilən Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Digər qanuni nümayəndələr dedikdə övladlığa götürənlər, qəyyum və ya himayəçi nəzərdə tutulur.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Müəllif: Zakir Bayramov