Doğuş həyata keçirmiş qadın hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edə bilər. Bununla yanaşı, uşağın 3 yaşı tamam olanadək “uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət” hüququndan da istifadə edə bilər. Qanuna əsasən, həm hamiləliyə və doğuşa görə məzuniyyət, həm də uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur. Sığorta hadisəsi dedikdə, fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması başa düşülür.

Kimlər uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər?

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Bu o deməkdir ki,  valideyn istəyinə uyğun olaraq 3 ili tam götürə bilər və ya uşağın 1 yaşı tamam olduqdan sonra işə geri qayıda və 2 yaşında yenidən bu məzuniyyətdən istifadə edə bilər.

Uşağa qulluğa görə müavinətin miqdarı

Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manatdır. Bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilmişdir.

Müavinət hansı qaydada verilir?

Uşağa qulluğa görə müavinət qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edən şəxslərə Dövlət sosial müdafiə fondu (DSMF) tərəfindən ödənilir.

Məzuniyyətdə olduğu zaman iş yeri hansı hüquqi əsasla saxlanmalıdır?

Təcrübədə rast gəlinən məqamlardan biri də işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu zaman yerinə başqa işçinin cəlb olunması və iş yerinə qayıtmaq istəyərkən bununla əlaqədar müəyyən problemlərlə rastlaşmasıdır. Əmək Məcəlləsində 111.1-ci maddədə məzuniyyətdə olan işçinin hüquqi təminatları əks olunmuşdur. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bəzi hallarda orta əmək haqqı saxlanılır. Həmçinin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Onu da deyək ki, bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Müəllif: Nərminə Kazımova