“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müavinət növlərindən biri də uşağın anadan olmasına görə müavinətdir.

Uşağın anadan olmasına görə müavinət birdəfəlik verilir.

Uşağın anadan olmasına görə müavinət hansı qaydada təyin edilir?

Müavinətlər şəxsin yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təyin edilir və ödənilir.

Uşağın anadan olmasına görə müavinətdə digər müavinətlər kimi müvafiq sənədləri təqdim etdikdən sonra verilir. Bunun üçün “DOST” mərkəzinə müraciət edə bilərsiniz. Müavinətin məbləği 300 manatdır.

Sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydaları ilə müəyyən edilmişdir.

Uşağın anadan olmasına görə müavinət almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən doğum haqqında verilmiş arayış;
  • Protokol;
  • Müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı);
  • Haqq-hesab cədvəli.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 

Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. 

İmtinanın səbəbləri əsaslandırılmalıdır. Əgər sizə müavinətin verilməsindən imtina edilibsə, əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə 142-yə zəng edərək məlumat əldə edə bilərsiniz. İmtina barədə sizə məlumat verməldirlər.

Əgər müavinətin veriləmsindən imtina edilibsə, bu qərardan şikayət verə bilərsiniz. Şikayət inzibati qaydada yuxarı orqana və məhkəməyə verilə bilər.

Ola bilər ki, siz bu müavinəti almamısınız. Bu halda üç il keçməyibsə, bu müavinəti almaq hələ də hüququnuz qalır.

Qanuna əsasən, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, uşaq anadan olduğu tarixdən üç il keçməyibsə və bu müddətdə müavinəti almamısınızsa, hələ də ala bilərsiniz. 

Qeyd: Uşağın anadan olduğu tarixdə müavinətin məbləği nə qədər idisə, siz həmin məbləğdə müavinət ala bilərsiniz. Məsələn, bu gün müavinətin məbləği 300 manatdır. Sizin uşağınız isə iki il əvvəl anadan olub. İki il əvvəl müavinətin 90 manat idisə, 90 manat məbləğində müavinət təyin ediləcəkdir.

Mövzu ilə əlaqədar əlavə sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov