Uşaqların ölkədən getməsi ilə bağlı tez-tez yaranan mübahisələrin əsas səbəblərindən biri valideynlər arasında olan narazılıqlar olur. Hərdən boşanma zamanı valideynlərdən biri uşağın digər valideynə verilməsinə ona görə etiraz edir ki, uşağın ölkə xaricinə aparılacağını düşünür.

Halbuki, bu məsələ o qədər də sadə deyil. 

Bəs, bu məsələ necə tənzimlənilir?

Miqrasiya Məcəlləsində Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin, yetkinlik yaşına çatmayan vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək hüququ, bu hüququn həyata keçirilməsinə dair qaydalar nəzərdə tutulmuşdur.

Həmin məcəllədə yetkinlik yaşına çatmayan şəxslər xüsusi subyekt kimi tanınır. Yetkinlik yaşına çatmayan çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər lakin, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığıtələb olunur.

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə iddia ərizəsi cavabdehin yaşayış yeri üzrə verilməlidir. Cavabdeh uşağın ölkədən getməsinə razılıq verməyən şəxs ola bilər. 

Tutaq ki, A və B C-nin valideyləridir. A uşağı ölkədən müalicə məqsədi ilə Almaniyaya aparmaq istəyir, amma B buna razılıq vermir. Bu halda, A B-yə qarşı məhkəmədə iddia qaldıra bilər. Bu halda cavabdeh B olur.

Sözügedən mübahisədə dövlət orqanları, Hərdən ərizə cavabdeh kimi Dövlət Sərhəd Xidməti və ya Miqrasiya Xidməti də qeyd edilir, halbuki bu yanlışdır.

Yaranan mübahisə yalnız razılıqla bağlı olduğu üçün razılıq verməyən şəxs cavabdeh ola bilər.

Uşağın ölkəyə gətirilməsi ilə bağlı məhkəmədə iddia qaldırıla bilməz. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ konstitusion hüquqdur və hər hansı formada məhdudlaşdırıla bilməz.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb olunur. İlkin mediasiyada iştirakı təsdiq edən sənədlərin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddia icraata qəbul edilsə belə, sözügedən sənədlərin olmaması işin baxılmamış saxlanılması üçün əsasdır.

Aşağıdakı hallarda razılıq tələb olunmur:

1. Əgər valideynlərdən biri ölmüşsə, 

2. Ölmüş və ya itkin elan edilmişsə

3. Digər valideyn valideynlik hüququndan məhrum edilmişsə

4. Doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılmışsa

Uşağın ölkədən getməsi ilə əlaqadər mühabisələrə baxılarkən uşağın mənafeyi nəzərə alınmalıdır. Sözügedən mübahisəyə baxılarkən yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edilə bilər. 7 yaşına uşağın isə fikrini öyrənə bilər.

Əgər uşağın ölkədən getməsinin onun həyatı və sağlamlığı üçün təhükəli olması, mənafeyinə mənfi təsir göstərən halların mövcud olması icazənin ləğv edilməsi ilə əlaqədar iddia qaldırılması üçün əsasdır.

Aşağıdakı hallarda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər:

1. Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsi halında;

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu halda;

3. Uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı, və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda.