Boşanma halları olduqca keçmiş ər-arvad arasında əmlak, uşaq və digər məsələlərlə bağlı müxtəlif problemlər ortaya çıxa bilir. Belə problemlərdən biri də yetkinlik yaşına çatmayan uşağın xaricə getməsi zamanı ortaya çıxır.

Uşağın valideyni və ya tək getməsi üçün notarial razılıq olmalıdır.

Qanunvericilik Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsi yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasını nizamlayır. Bu halda qanun universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsinə yalnız məhkəmə qərar verir.

Hansı hallarda uşağın üstün mənafeyi nəzərə alınmalıdır?

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən uşaqların üstün mənafelərinin nəzərə alınmasının xüsusi əhəmiyyətini qeyd etmək yerində olardı. Məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən aşağıdakı hallar üçün uşağın üstün mənafeyi nəzərə alınmalıdır:

  • Uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsi
  • İstirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi
  • Uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması halları

Hansı hallarda uşağın fikri nəzərə alınır?

Uşağa onun mənafeyinə toxunan hər hansı məhkəmə araşdırmasının gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmçinin Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmçinin qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bundan başqa “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.

Məhkəmələrdə uşağın dinlənilməsi

Məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir. Ailə qanunvericiliyinin müəyyən yaş həddinə çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstərişləri hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üst-üstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Lakin bu cür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırmalıdır.

Müəllif: Nəzrin Həsənova