Sosial müavinətlər haqqında Qanuna əsasən, sosial müavinətlərin növlərindən biri də Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətdir.
Belə ki, müvafiq icra hakimiyyəti orqanı (Qəyyumluq və himayəçilik orqanı) tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqdasosial müavinət almaq hüququna malikdir. Deməli, əgər və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatındadırsa, sözügedən müavinəti almaq hüququ olmayacaq. Yəni, həmin uşaqlar ola bilsin ki, sosial xidmət müassisələrində yaşasınlar. Bu halda müavinət təyin edilməyəcək.
Sözügedən müavinətin məbləği 120 manatdır və aylıq ödənilir.
Müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə müddətə təyin edilir.
Sosial müavinətin təyin olunması üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fjondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.
Müavinət hüququ yarandıqdan sonra şəxs aşağıdakı sənədlərlə müraciət etməlidir:
- Şəxsiyyət vəsiqəsi
- Valideynlərin ölüm haqqında şəhadətnamələri
- Valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarı
- Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri
- Ailə tərkibi haqqında arayış
- Uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı
- Qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.
Müəllif: Zakir Bayramov