“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidenti  müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür.

Bəs valideyn himayəsindən məhum olmuş şəxslərə ödənilməli olan bu ödəniş tələbəyə hansı müəssisə tərəfindən ödənməlidir?

Azərbaycan Respublikasında hazırda mövcud olan məhkəmə təcrübəsinə əsasən yuxarıda göstərilən əmək haqqı tələbənin təhsil aldığı təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Formalaşmış məhkəmə təcrübəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixində qəbul etdiyi qətnamədə də öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi bu qətnaməsi ilə İddiaçının təhsil aldığı müəssisəyə qarşı pul tələbinin qismən təmin etmiş və Cavabdeh təhsil müəssisəsindən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqının İddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göstərilən qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5450/2021 nömrəli, 25.11.2021 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 

Ödənişin hansı qaydada tələb olunmalıdır?

Tələbə və ya artıq məzun olmuş şəxs ilk növbədə universitetə rəsmi yazılı qaydada müraciət etməlidir (müraciət poçt vasitəsilə göndərilərkən sübut əhəmiyyəti daşıması üçün xəbərnaməli göndərilməlidir). Müraciətdə valideyn himayəsindən məhrum olmasını və təhsil məlumatlarını göstərməli, yuxarıda göstərilən hüquqi əsaslara istinad edilməlidir. Həmçinin müraciətlə birlikdə valideyn himayəsindən məhrum olduğunu sübut edən sənədlər qoşma şəklində göndərilməlidir. Bu sənədlər valideynlərin ölüm haqqında şəhadətnamələri, valideynin məlum olmayan şəxs olması barədə arayış və s. ola bilər.

Müraciətin daha effektiv araşdırılması üçün ərizənin bir nüsxəsinin də Elm və Təhsil Nazirliyinə göndərilməsini tövsiyə edirik.

Əgər universitet müraciətçinin tələbini yerinə yetirməzsə, bu halda tələbə və ya məzun olmuş şəxsin məhkəməyə müraciət hüququ vardır. Tərəflər arasında yaranan bu mübahisə əmək mübahisəsi olduğundan məhkəmədən əvvəl məcburi mediasiya sessiyasından keçmək lazımdır. Bunun üçün müraciətçi ilk olaraq qarşı tərəfə mediasiya təklifi göndərməli, təklifin göndərildiyi gündən 10 iş gün müddətində qarşı tərəf cavab verməzsə, ərizəçi Mediasiya Şurasına müraciət etməlidir.

Əgər mediasiyada tərəflər arasında razılıq əldə edilməzsə və ya qarşı tərəf, ümumiyyətlə, mediasiya prosesinə gəlməzsə, ərizəçiyə məhkəməyə müraciət üçün arayış təqdim olunur. 

Qeyd edək ki, mediasiya üçün dövlət rüsumu 50 AZN təşkil edir.

Arayışı aldıqdan sonra şəxs universitetin yerləşdiyi yer üzrə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək haqqını tələb edə bilər.

Əmək haqqı tələbləri üçün məhkəmə müraciətlərində dövlət rüsumu tələb olunmur.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov