“Sosial müavinətlər haqqında” Qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Müavinətin məbləği Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmişdir. Qərara respublika üzrə orta aylıq əməkhaqqının beş misli miqdarındadır.

Orta aylıq əmək haqqı 2023-cü il üçün 898 manat planlaşdırılır. Deməli, bu məbləğ 898 manat x 5 miqdarındadır.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Mərkəzi Elektron İnformasiya Sistemindən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir:

  1. Şəxsiyyət vəsiqəsi;
  2. Doğum haqqında şəhadətnamə;
  3. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi;
  4. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə etibarnamə və ya qanuni nümayəndə (övladlığa götürən, qəyyum, himayəçi) olmasını təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi;
  5. Fərman ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”na uyğun olaraq, işləyən şəxslərə münasibətdə əmək kitabçasının surəti;
  6. Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı: a) Hər iki valideynin məlum olmadıqda, Hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı; b) Valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; c) Valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
  7. Valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı
  8. Uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi və ya Valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi;
  9. Valideynlərin birinin MEİS-in “Əlillik” (TSERAS) altsistemində əlilliyinin müəyyən edilməsinə dair məlumat.

Müəllif: Zakir Bayramov