Təcrübədə tez-tez rast gəldiyimiz suallardan biri də valideynlərin və digər qohumların uşaqlarla ünsiyyət hüququ ilə bağlı olur. Belə ki, əksər vaxt bununla bağlı valideynlər arasında razılıq olmur.

Bəs bu məsələ necə həll edilməlidir, uşaqla ünsiyyət hüququ ilə bağlı nələr nəzərə alınmalıdır?

Qeyd edək ki, uşaqların hüquqları ilə bağlı mübahisələrdə ilk diqqət yetirilməli məsələ uşaqların mənafeyi olmalıdır. Həmçinin, uşaqlarla ünsiyyət hüququ ilə bağlı mübahisə həll edilərkən uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına təsir göstərən amillər nəzərə alınmalıdır.

Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları  ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” adlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı var. Plenum Qərarına əsasən uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. 

Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

Bəzən uşaqlarla ünsiyyət üçün standart müddət təyin edilir, amma valideyn uşağın yaşadığı yerdən uzaqda yaşayır. Bu halda onun yola sərf etdiyi vaxt da nəzərə alınmalıdır.

Tutaq ki, siz uşaqla ünsiyyət hüququ ilə bağlı iddia qaldırmısınız və əleyhinizə qətnamə çıxarılıb. Bu halda sizin yenidən iddia qaldırmaq hüququnuz qalır. Ali Məhkəmə Plenumu bunu belə əsaslandırır ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıyır.

Valideynlərdən əlavə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Ünsiyyətdə olmasının formaları dedikdə yazışma, şəxsi görüşlər, telefon danışıqları və s. nəzərdə tutulur.

Valideynlərdən biri başqa dövlətdə yaşadıqda:

Valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında – iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir.

Qanunun tələbinə görə uşaq ekstremal hallarda da qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ekstremal hallar dedikdə tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair bu kimi hallar nəzərdə tutulur.

Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda:

Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə

  • valideynin;
  • uşaq himayəsinə verilmiş digər şəxsin;
  • icra məmurunun

ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.

Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır.

Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir.

Müəllif: Zakir Bayramov