Övladlığa götürmə qaydası üç mərhələdə həyata keçirilir:

  • Övladlığa götürmək istəyən şəxslərin uçota alınması;
  • Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
  • Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmək istəyən şəxslərin uçota alınması

Övladlığa götürmək istəyən şəxslərin uçota alınması Ailə Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, e-sosial.az internet portalı üzərindən elektron formada aparılır. Elektron qaydada uçot aparılarkən bir sıra tələblər yerinə yetirilməlidir.

Elektron qaydada övladlığa götürmək istəyən şəxslərlə bağlı uçot aparılarkən yerinə yetirilməli olan tələblər:

  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
  • əvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin əvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin övladlığa götürmə ilə bağlı uçota alınma qaydası

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə, Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürmək üçün valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatları, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatları, övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatları və övladlığa götürmək istəyən şəxsin əvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatları bilavasitə özü və ya xarici ölkənin Azərbaycana təyin edilmiş diplomatik nümayəndəliyi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdikdən sonra uçota alınırlar.

Uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar hansı hallarda uçotdan çıxarılırlar?

Bəzən uşağı övladlığa götürmək istəyən şəxslər aşağıdakı hallarda uçotdan çıxarılır:

  • vəfat etdikdə;
  • müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
  • Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
  • Ailə Məcəlləsinin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;
  • Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:

  • Övladlığa götürmək istəyən şəxslər ilə müsahibə aparılması;
  • Övladlığa götürmək istəyən şəxslərin təlimlərə cəlb edilməsi;
  • Övladlığa götürmək istəyən şəxslərə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
  • Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxslərin uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
  • Övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxslərin həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslərlə müsahibə keçirir, həmçinin həmin şəxslərin maddi-məişət şəraitinin müayinəsini aparır. Müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürmə ilə bağlı 30 gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Təlimin nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qiymətləndirilir.

Təlimin nəticələri müsbət qiymətləndirildikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürmək istəyən şəxslərin və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxslərə uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü təşkil edir. Görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın övladlığa götürmək istəyən şəxslərin ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxslərin ailəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və övladlığa götürmək istəyən şəxslər arasında bağlanmış müqavilə əsasında yerləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın övladlığa götürmək istəyən şəxslərin ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir.

Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs həmin rəylə birlikdə ərizə ilə məhkəməyə müraciət edir. Övladlığa götürmək istəyən şəxslərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reabilitasiya tədbirləri görülür.

Müəllif: Albina Fərhadova