Valideynlik hüquqlarının məhdudlaşdırılması uşağın mənafeyi üçün onun valideynlərin birindən və ya hər ikisindən valideynlik hüquqlarından məhrum etmədən alınmasıdır. Məhdudlaşdırmada valideyn valideynlik hüquqlarından məhrum edilmir.

Valideynlik hüquqlarının məhdudlaşdırılması hansı səbəblərdən, qaydada və hallarda mümkündür?

Ailə Məcəlləsinə əsasən, əgər uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Onlardan asılı olmayan hallar dedikdə psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s. nəzərdə tutulur. Deməli, əgər uşağın valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, uşağın təhlükəsizliyini təmin etmək məqsədi ilə, valideynlik hüquqları məhdudlaşdırılır. Bu halda uşağın həyati təhlükəsi var, ancaq valideynlik hüququndan məhrum etmə üçün əsas yoxdur.

Valideylik hüquqlarının məhdudlaşdırılmasına dair mübahisənin həll edilməsi

Valideylik hüquqlarının məhdudlaşdırılmasına dair mübahisə məhkəmə qaydasında həll edilir. Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir.

Əgər bu hüquqları məhdudlaşdırılan valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Həmin orqan valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. Bununla yanaşı, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr də valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. 

Məhdudlaşdırılmış valideynlik hüquqları

Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşağa görə aldıqları müavinətlərə və imtiyazlara hüquqlarını itirirlər. Məsələn, uşağa qulluğa görə müavinət alan valideyn valideynlik hüququndan məhrum edilərsə, daha müavinət ala bilməyəcək.

Valideynlər heç bir uşağı saxlamaq vəzifəsindən azad edilmir.

Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının, uşaqların qəyyumunun (himayəçisinin), himayədar valideynlərin və ya uşaqlar yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir.

Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər.

Bəs hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılarsa?

Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının himayəsinə verilir.

Valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, məhkəmə valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər. Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər.

Müəllif: Zakir Bayramov