Əmək Məcəlləsi ilə işçilərə əmək məzuniyyətinin, sosial məzuniyyətlərin verilməsi kimi yaradıcılıq məzuniyyətlərinin verilməsi də nəzərdə tutulmuşdur. İşçilər təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün təhsil və yaradıcılıq məzuniyyət növlərindən istifadə edə bilərlər.

Kimlərə yaradıcılıq məzuniyyəti verilir?

Doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü 2 təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə 3 təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir.

Doktoranturada təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə Təhsil Nazirliyinin qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.

İşləməklə yanaşı təhsil alan işçilərə ödənişli təhsil məzuniyyətləri verilir:
  • müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
  • dövlət imtahanlarını vermək üçün;
  • diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.

Əmək Məcəlləsinin 124-cü maddəsində təhsil məzuniyyətinin müddətləri göstərilmişdir.

Təhsil məzuniyyətinin müddətləri aşağıdakı qaydada tənzimlənir:
  • Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
  • Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. 
  • Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
  • Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Yuxarıda qeyd edilən təhsil məzuniyyətlərindəndən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, işçinin təhsil aldığımüəssisənin verdiyi arayış əsasında istifadə oluna bilər.

Müəllif: Zakir Bayramov