“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiya növlərindən biri yaşa görə əmək pensiyasıdır.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Maddəyə əsasən, yaşa görə əmək pensiyası aşağıdakı şərtlərdə təyin edilir:
- pensiya yaşına çatmalısınız,
- ya 25 il sığorta stajınız olmalıdır, ya da pensiya kapitalınız pensiya təminatına imkan verməlidir.
Əmək pensiyasının minimum məbləği 1 fevral 2023-cü il tarixdən 280 manatdır.
“E-sosial.az” saytından “e-xidmətlər” bölməsindən “pensiya kalkulyatoru” başlığına daxil olun və sonra tələb edilən məlumatları dolduraraq pensiya məbləğini öyrənə bilərsiniz.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:
Dövr | Kişilər üzrə pensiya yaşı | Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 | 63 il 6 ay | 60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 | 64 il | 61 il |
1 iyul 2019 – 30 iyun 2020 | 64 il 6 ay | 61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 | 65 il | 62 il |
1 iyul 2021 – 30 iyun 2022 | 65 il | 62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 | 65 il | 63 il |
1 iyul 2023 – 30 iyun 2024 | 65 il | 63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 | 65 il | 64 il |
1 iyul 2025 – 30 iyun 2026 | 65 il | 64 il 6 ay |
1 iyul 2026 və sonra | 65 il | 65 il |
Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
Pensiya hüququ yaranan şəxsə bu barədə elektron poçt və “sms” vasitəsilə məlumat daxil olur. Bunun üçün hər hansı bir sənəd təqdim etməyinizə ehtiyac yoxdur.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov